Haqqında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı və “AMEA-nın Nizamnaməsinin təsdiq edilməsi haqqında” 3 noyabr 2023-cü il tarixli Sərəncamı ilə AMEA səksən illik tarixi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin tələblərinə uyğun olaraq həyata keçirilən ardıcıl, çoxşaxəli islahat və yeniləşmə tədbirləri nəticəsində Akademiyanın strukturu əsaslı olaraq modernləşdirilmiş, elmin yeni prioritetləri dünya elminin çağırışları və dövlət siyasətinin strateji hədəfləri ilə uyğunlaşdırılmış, elmin dövlətin sosial-iqtisadi, mədəni mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində iştirakı əhəmiyyətli dərəcədə gücləndirilmiş, kadr potensialı mümkün qədər optimallaşdırılmış, beynəlxalq elmi əlaqələr genişləndirilmiş, AMEA-nın həm beynəlxalq səviyyədə, xüsusən türk dünyasında, həm də respublikada nüfuzu əhəmiyyətli dərəcədə yüksəldilmişdir. Bununla da Akademiyada islahatların ilkin mərhələsi yekunlaşmış, keyfiyyətcə yeni idarəetmə və fəaliyyət sferasına keçmək üçün əlverişli zəmin yaranmışdır. Bu gün dünyada sosial-iqtisadi və mədəni-mənəvi tərəqqinin müxtəlif sahələrində - elm, təhsil, iqtisadiyyat və siyasətdə, xüsusən dəqiq elmlər üzrə yeni biliklərin əldə edilməsi və sınaqdan keçirilməsi prosesində sosial-humanitar biliklərə və onun praktiki alətlərinə - humanitar texnologiyalara tələbat görünməmiş dərəcədə artmışdır. Bunları nəzərə alaraq AMEA Rəyasət Heyətinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq “Elektron Akademiya” şöbəsi yaradılmış, prioritetləri və vəzifələri müəyyənləşdirilmişdir - Vikipediya Ensiklopediyasında AMEA əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin artırılması, institutların, elmi jurnalların saytlarının fəaliyyətinin monitorinqi və təkmilləşdirilməsi, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinin dəstəklənməsi, nüfuzlu elmmetrik bazalarda təmsilçiliyin genişləndirilməsi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsinin təşkili və s..
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Bu Konsepsiya rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanmışdır. Məqsəd vətəndaşların rifahını yüksəltmək, dövlət xidmətlərini modernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməkdir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın məqsədi ölkədə süni intellektin (Sİ) inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, yüksək ixtisaslı kadr potensialını gücləndirməkdir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi” sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Burada göründüyü kimi 2025-ci il ölkəmiz üçün rəqəmsal transformasiyanın həyata keçirilmə və nəticə ili kimi başlayıb və AMEA-nın fəaliyyəti üçün də yeni prioritetlər yaradıb. Hazırda ictimai və humanitar elmlərin prioritetliliyi Akademiyanın yeni strukturu, vəzifə və funksiyaları ilə həmahəng yeni tendensiyaları da şərtləndirir və humanitar və ictimai elmlər sahəsində rəqəmsal texnologiyaların tətbiqi yolu ilə idarəetmənin təkmilləşdirilməsi, elmi-təşkilati işlərin səmərəliliyinin artırılması, inkişafın sürətləndirilməsi və məlumatlara əlçatanlığın artırılması məqsədilə Elektron xidmətlər şöbələrinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi zərurətini yaradır. AMEA Rəyasət Heyəti Aparatının fəaliyyətini rəqəmsal inkişafın tələblərinə uyğunlaşdırmaq üçün AMEA Rəyasət Heyətinin 10 sentyabr 2025-ci il tarixli 16/5 nömrəli qərarı ilə “AMEA-nın “Elektron Akademiya” şöbəsi Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi adlandırılmışdır.
Şöbənin fəaliyyətinin əsas istiqamətlərini aşağıda qeyd olunan sahələr təşkil edir:
- AMEA elmi jurnallarının saytlarının, elmi müəssisələrin saytlarının, sosial şəbəkə profillərinin fəaliyyətinin monitorinqi;
- AMEA saytlarının gov.az sisteminə inteqrasiyasının dəstəklənməsi;
- AMEA internet şəbəkəsinin fəaliyyətinin texniki dəstəklənməsi;
- AMEA əməkdaşlarının Vikipediya virtual ensiklopediyasında fəaliyyətinin dəstəklənməsi;
- AMEA elmi jurnallarına DOİ rəqəmsal identifikatorunun ilə təmin edilməsi;
- AMEA Dərgi Parkının fəaliyyətinin təşkili;
- DSpase platforması əsasında AMEA-nın Rəqəmsal Elmi İnformasiya Resursları Sisteminin (AMEA REİRS) işlənilməsi və fəaliyyətinin təşkili;
- AMEA elmi müəssisələrinin və əməkdaşlarının elmi indeksləşdirmə və xülasələndirmə bazalarındakı elmmetrik məlumatlarının qeydiyyatı və təhlili sisteminin işlənilməsi və fəaliyyətinin təşkili video təlimat (AMEA İREMB);
- 3 ölçülü model əsasında Azərbaycan dilində sözlərin universal funksionallıqla işlənilməsi sisteminin yaradılması və fəaliyyətinin təşkili (AMEA SUFİ);
- AMEA SUFİ sisteminin məlumatları əsasında “öyrədən” və “öyrənən” süni intellekt modellərinin formalaşdırılması və humanoid robot vasitəsilə robot texnologiyalarının mənimsənilməsi, təhlili və tətbiqi üçün işlənilməsi (AMEA SİMT);
- Müasir süni intellekt texnologiyalarının mənimsənilməsi, təhlili və tətbiqi;
- Microsoft şirkətinin dəstək layihələri çərçivəsində fəaliyyətin təşkili.